Azərbaycanın əsir götürdüyü livanlı erməni Maral Nacaryan azad edilib və Beyruta – evinə qayıdıb. Məlumatı Ermənistanın Livandakı səfirliyi təsdiqləyib. Bu haqda AzadlıqRadiosunun Ermənistan xidməti yazır.
Azatutyun onun noyabrın 10-da – Laçına şəxsi əşyalarını götürməyə gedərkən saxlandığını yazır.
Azərbaycan mənbələri Nacaryanın Şuşa döyüşlərində iştirak etdiyini, daha sonra əsir düşdüyünü bildirir.
Beş maddə üzrə ittiham
Azatutyun qeyd edir ki, Nacaryanla birlikdə Laçına getmiş daha bir Livan ermənisi – taksi sürücüsü Viqen Eulcekyan da saxlanıb. “Azərbaycan onu 2500 dollara vuruşmuş muzdlu döyüşçü kimi təqdim edir, beş maddə üzrə ittiham irəli sürüb”, – radio yazır.
Azərbaycan istər Nacaryanın buraxılması, istərsə də Eulcekyana ittiham irəli sürülməsi barədə rəsmi açıqlama yaymayıb.
Prezident İlham Əliyev bir neçə dəfə çıxışlarında qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiyanın üçtərəfli atəşkəs bəyanatı imzalamasından sonra saxlananlara “əsir” demək düzgün deyil.
"Onları indi "hərbi əsir" adlandırırlar, biz düşünürük ki, bu, məsələnin təhrifidir. Çünki müharibə bitəndən 20 gün sonra hərbi əsir yarana bilməz. Biz bütün hərbi əsirləri qaytarmışıq. Biz onları bizə qaytarılan əsirlərdən əvvəl hətta qaytarmışdıq. Bu insanlar isə hərbi əsir deyil, bunlar terrorçulardır, diversantlardır", – dövlət başçısı bildirib.
Azərbaycan ötən il 44 günlük hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti özünə qaytarıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Azərbaycan XİN: "Humanizm nəticəsində Nacaryan azad edilib"
Azərbaycan Xarici İşlər Nazirliyinin ( XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva kütləvi informasiya vasitələrinin (KİV) Maral Nacaryanla bağlı sualını cavablandırıb. O qeyd edib ki, Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir: "Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılmışdı. O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib".
L.Abdullayevanın vurğulamasına görə, Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan bu il martın 10-da azad edilib: "O, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib".
L.Abdullayeva daha sonra bunları bildirib: "Hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. "Vətən müharibəsi (ötən ilki 44 günlük savaş) zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zaman sərbəst buraxılıb".