Azərbaycanın Ermənistanla 2020-ci ildə 44 günlük müharibədəki qələbəsi, 2023-cü ildə Dağlıq Qarabağa nəzarəti tam ələ almasında İsrail və Türkiyə dronlarının da rolu oldu. İsrail silahları isə Azərbaycanın bu ölkə münasibətlərində önəmli yer tutur.
Hazırda İsrail İranın nüvə və raket obyektlərini hədəfə alır, bu zərbələr Tehran hökumətinə təhdid yaradır. İran da cavab zərbələri endirir və baş verənlər Yaxın Şərqdə daha böyük müharibə təhlükəsi yaradır.
Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) beynəlxalq məsələlər üzrə aparıcı müxbiri Mayk Ekkel Bakının bütün bunların fonunda çox həssas durumda olmasından yazır.
"Əliyev hər iki tərəflə əlaqələrini yaxşı səviyyədə saxlamalıdır. İsrail Azərbaycan silahlı qüvvələrini davamlı olaraq müasir silahlarla təchiz edir, həm də Azərbaycan nefti üçün bir bazardır. Tehran isə Azərbaycanla Ermənistanı üz-üzə qoymaq qabiliyyətinə malikdir", – bunu ABŞ-nin 1990-cı illərin sonunda Azərbaycanda səfiri olmuş Riçard Kozlariç deyir.
"Azərbaycan İranla müharibənin olmasında maraqlı deyil, İsrailin İran ərazisinə zərbələrini də dəstəkləmir. Azərbaycan mövqeyini aydın bildirib ki, bu münaqişədə tərəf deyil", – Karneqi Rusiya Avrasiya Mərkəzində Cənubi Qafqaz üzrə ekspert Zaur Şiriyev deyir.
Prezident İlham Əliyev ictimai şəkildə heç nə deməyib. Xarici İşlər Nazirliyi isə iyunun 13-də –İsrail hava zərbələrinə başladığı gün bəyanatında bildirib ki, Bakı hücumlardan "ciddi narahatlıq" keçirir.
Ertəsi gün nazir Ceyhun Bayramov iranlı həmkarı Abbas Ərağçi ilə telefon söhbətində onu əmin edib ki, Azərbaycan öz ərazisindən Tehrana qarşı hücumlarda istifadəyə icazə verməyəcək.
XİN əlavə şərh üçün göndərilmiş elektron məktuba cavab verməyib.
Arazın sahilində
Azərbaycanın Tehranla əlaqələri qatma-qarışıqdır.
İranın əhalisi, əsasən, şiələrdir. Azərbaycanda şiələr üstünlük təşkil etsələr də, sünni əhalisi də böyükdür. Bu dünyəvi ölkədə din siyasətdə böyük rol oynamır.
İranda etnik azərbaycanlılar farslardan sonra ikinci böyük azlıqdır və bu fakt Tehran hökumətini zaman-zaman əndişələndirib. Bəzi hesablamalarda İranın etnik azərbaycanlılarının sayı Azərbaycanın əhalisindən çox göstərilir.
İsrail zərbələrindən yan keçməyən Təbriz etnik azərbaycanlıların çoxunun vətəni sayılır.
Azərbaycanın 35 ildə iki dəfə müharibə apardığı Ermənistanla İranın iqtisadi əlaqələrinin də bu qarışıqlığa qatqısı var.
Azərbaycanın müttəfiqi Türkiyənin təcrid etdiyi Ermənistanın yalnız Gürcüstan və İranla quru sərhəd keçidinə malikdir. Beynəlxalq sanksiyalara məruz qalan Tehran üçün Ermənistan geniş bazarlara çıxışda vacib rol oynayır.
Türkiyənin dəstəyi ilə Azərbaycan Naxçıvan eksklavına Ermənistan ərazisindən nəqliyyat dəhlizi istəyir. Bu isə İran-Ermənistan ticarətinə əngəl yarada bilər.
Təl-Əvivdən Bakıya
İsraillə 1990-cı illərdə ilk əlaqələrini quran Azərbaycan ondan ötrü vacib neft mənbəyinə çevrilib, idxalının yarıdan çoxunu təmin edir.
İsrail isə Azərbaycan üçün vacib silah təchizatçısıdır. 2016-2021-ci illərdə İsrail Bakının silah idxalının 69 faizini təşkil edib. Bunu Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) hesablayıb.
Kozlariç bu əlaqələri "güclü və qarşılıqlı faydalı" adlandırır: "Bakıda düşünürlər ki, onun Ermənistanla davam edən münaqişəsində İsrail əsas silah təchizatçısı kimi qalacaq, Yerusəlim isə hesab edir ki, Azərbaycan İsrailin İrandakı məqsədlərini dəstəkləyir".
Tehranda daim belə narahatlıqlar olub ki, İsrail Azərbaycanla əlaqələrindən İrana qarşı gizli, yaxud aşkar addım üçün istifadə edər.
İllər əvvəl "Wikileaks"in yaydığı ABŞ diplomatik yazışmalarında da İsraillə Azərbaycan arasında dərin, gizli əlaqələrdən söz açılırdı.
2012-ci ildə Azərbaycan polisi İran kəşfiyyatına bağlı bir neçə nəfərin saxladığını, onların bu ölkədəki israillilərə hücumlar planlaşdırdığını bildirdi.
Tehran Bakını İranın nüvə alimlərinin hədəfə alınmasında İsrailə kömək göstərməkdə suçlayıb.
"İsraillə İran arasında gərginlik yüksələndə çox vaxt kənardan belə fikirlər ortaya atılır ki, Azərbaycan hava məkanını aça, İsrailə dəstək verə bilər. Bu heç vaxt gerçək olmayıb. Qabaqcıl hava qüvvəsi, dronlara malik İsrailin xaricdə yanacaq doldurmağa, yaxud yaxınlıqda hava bazalarına ehtiyacı yoxdur", – bunu Şiriyev deyir.
İranın silah proqramlarına qarşı kampaniyasında isə İsrailin Azərbaycanda hərbidən çox, mənəvi dəstəyə ehtiyacı var. Bunu isə İsrailin "Mossad" kəşfiyyat xidmətinin keçmiş başçısı Efraim Halevi ötən il radionun Azərbaycan xidmətinə deyirdi: "Ümidimiz Azərbaycandan mənəvi dəstək almağadır, İranın davranışı ilə bağlı fikirlərinizi, Azərbaycanın İrana dair xarici siyasətini aydın ifadə edəsiz".
"Bakı cənub sərhədində gedən böyük müharibədən kənar durmağa çalışırmı? Bəli, amma bu o qədər də sadə deyil. Azərbaycan birbaşa iştirakdan yayınsa belə, bunun nəticələri ilə üzləşə bilər, qaçqın axını, ticarətin pozulması, logistika problemi ilə", – Şiriyevin sözləridir.
"Konflikt dərinləşərsə, İran rejimi tamamilə iflas edərsə, nəticədə bütün regionda sabitlik ciddi şəkildə pozular. İran Suriya, yaxud İraq deyil. Daha yaxındır, böyüklüyü də o deməkdir ki, çöküşü Cənubi Qafqazda əks-səda verəcək. Azərbaycan da qonşuları kimi bu təzyiqi ilk hiss edənlərdən olacaq", – Şiriyev vurğulayır.