Argentina Milli Kəşfiyyat Xidməti (SIDE) ictimai rəyin manipulyasiyası və dezinformasiyanın yayılması ilə məşğul olan şəbəkənin beş rusiyalı üzvünü aşkar edib. Bu barədə Argentina prezidentinin mətbuat katibi Manuel Adorni mətbuat konfransında bildirib.
Rusiyalılar, o cümlədən Lev Andriaşvili və onun həyat yoldaşı İrina Yakovenko "Kompaniya" adlı təşkilatla əlaqələndirilir. Bu təşkilat "Laxta" layihəsi ilə bağlıdır və daha çox Olqinodakı "troll fabriki" kimi tanınır. Layihənin rəhbəri 2023-cü ildə həlak olmuş "Vaqner" özəl muzdlu hərbi şirkətinin (ÇVK) rəhbəri Yevgeni Priqojindir.
Argentina hökumət rəsmisinin məlumatına görə, Andriaşvili və Yakovenko (Rusiyadan) maliyyənin alınması və ölkə vətəndaşları ilə əlaqələrin qurulmasına məsul olublar.
"'Kompaniya"nın məqsədi Rusiya maraqlarına loyallıq göstərən şəxslər qrupunu formalaşdırmaq, dezinformasiya kampaniyaları aparmaq, həssas siyasi məlumatlar əldə etmək və fondlar, QHT-lər və vətəndaş cəmiyyətinə təsir göstərməkdir", - Adorninin sözlərini "La Derecha Diario" nəşri sitat gətirib.
O bildirib ki, hökumət Argentinanın heç bir digər ölkənin təsiri altına düşməsinə imkan verməyəcək. Adorni rusiyalıların saxlanılıb-saxlanılmadığı və ya barələrində cinayət işinin açılıb-açılmadığına dair məlumat verməyib.
Daha əvvəl də Braziliyanın xüsusi xidmət orqanları doqquz Rusiya agentindən ibarət şəbəkəni ifşa edib. "The New York Times" məlumatına görə, onlar bu ölkədə casusluq etməyiblər, yeni bioqrafiya yaratmaq üçün ora göndəriliblər. Onların heç biri Braziliyada saxlanılmayıb, hamısı başqa ölkələrə çıxmağı bacarıb və, ehtimal ki, Rusiyaya qayıdıblar.