Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 13:30

Türkiyədə saxlanılan türkmənistanlı fəal deportasiya riski ilə üzləşib


Ümidə Bekçanova
Ümidə Bekçanova

Türkmənistanlı fəal Ümidə Bekçanova Türkiyədə saxlanılıb. Bu barədə Turkmen.News-a "Milli Qurtuluş Komitəsi"nin rəhbəri, siyasətçi Xalmurat Söyünov məlumat verib. Onun sözlərinə görə, fəal mayın 30-da mülki geyimdə olan naməlum şəxslər tərəfindən saxlanılıb. Qadın əvvəlcə deportasiya mərkəzinə aparılıb, daha sonra isə ona bildirilib ki, Türkmənistana geri göndərilmək üçün hava limanına aparılacaq.

Ü.Bekçanova bir neçə ildir ki, Türkiyədə qanuni şəkildə yaşayır və çalışırdı. O, Türkmənistan hakimiyyətinin fəaliyyətini açıq şəkildə tənqid edirdi. Onun müxalif fəaliyyətini dəfələrlə dayandırmağa çalışan Türkmənistan xüsusi xidmət orqanları həm Ümidəyə, həm də onun yaxınlarına təzyiq göstəriblər.

Fəalın kiçik oğluna qarşı cinayət işi qaldırılıb. Ümidənin sözlərinə görə, istintaq zamanı oğluna elektrik cərəyanı ilə işgəncə verilib və o, hazırda həbsdədir.

Türkiyədə yaşayan Ümidənin özü də dəfələrlə naməlum şəxslər tərəfindən təhdid olunub.

Türkiyədə yaşayan, Türkmənistandan olan bir neçə müxalifət fəalı saxlanıldıqdan sonra Ü.Bekçanova daha ehtiyatlı davranmağa başlayıb və zərurət olmadıqca evdən çıxmayıb.

X.Söyünov "Current Time"a müsahibəsində deyib ki, Bekçanovanı hələ Türkmənistana deportasiya etməyiblər. Söyünov Türkiyədə fəaliyyət göstərən beynəlxalq hüquq-müdafiə təşkilatlarının qadına kömək edəcəyinə ümid edir.

Söyünovun sözlərinə görə, bazar günü axşam Ümidə deportasiya düşərgəsindən hava limanına aparılıb.

"Ona deyiblər: 'Əşyalarını yığ, səni hava limanına aparırıq". Düşərgədən bizə zəng edərək bildirdilər ki, onu aparırlar. Biz dərhal ona vəkil tapdıq və media nümayəndələrini bu məsələyə cəlb etdik. Bazar ertəsi günü mənə onun vətəndaş nikahında olduğu həyat yoldaşı zəng etdi və dedi ki, o, bir az əvvəl Ümidə ilə danışıb və onun yenidən deportasiya mərkəzində saxlanıldığını öyrənib. Amma indi o, artıq başqa bir mərkəzdə saxlanılır", - Söyünov bildirib.

Söyünovun sözlərinə görə, Ümidə həyat yoldaşına deyib ki, onu deportasiya düşərgəsindən hava limanına aparmaq adı ilə çıxarsalar da, bir neçə saat maşınla şəhərdə dövrə vurublar, amma heç vaxt hava limanına aparmayıblar.

XS
SM
MD
LG